Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Şuşa ili" çərçivəsində "Şuşa, biz gəldik!" adlı konserti keçirilib.
Tehsil.biz xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertdə Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin övladları, Gəncə SOS uşaq kəndinin, Gəncə Uşaq Evinin sakinləri və şəhər ictimaiyyəti iştirak ediblər.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov çıxış edərək uşaqlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
"Şuşa, biz gəldik!" adlı konsertdə Azərbaycan və dünya ölkələrinin bəstəkarlarının musiqiləri, müxtəlif rəqsləri ifa olunub.
Sonda Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən Azərbaycan Dövlət Uşaq Filarmoniyasına Təşəkkürnamə təqdim edilib.